"Qayınanamı “moşennik” kimi təsəvvür etmirəm"

"Qayınanamı “moşennik” kimi təsəvvür etmirəm"
1755 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 15-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Beynəlxalq Ailə günü”nə həsr edilən konfransda çıxışı zamanı səs-küy yaradan məqamlara toxunub. Onun müzakirələrə səbəb olan fikirlərindən biri də Azərbaycan filmlərində qayınanaların mənfi obrazda təqdim olunması ilə bağlı tənqididir:

“Çox təəssüf ki, bizim də filmlərimizdə qayınanalar həmişə mənfi obrazda təqdim olunub. Biz buna görə dərin təəssüf hissi keçiririk. Axı, qayınana cəmiyyətdə niyə mənfi obraz olmalıdır?”.

 

Komitə sədrinin bu fikri ilə razılaşmayanlar da oldu. Sosial şəbəkələrdəki müzakirələrdə insanlar rejissorların cəmiyyətdən, reallıqdan nümunə götürərək, mənfi qaynana obrazları yaratdığını düşünürlər.

Axşam.az modern.az-a istinadən xəbər verir ki, Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib ki, Azərbaycan kinosunda mənfi qayınana obrazının təməli xalq artisti Nəsibə Zeynalovanın baş rolunu ifa etdiyi “Qaynana” tamaşası ilə qoyulub:

“Ondan bu yana kinolarımızda qayınanalar gəlinlə düşmən kimi təqdim edilir. Tək kinolarda deyil, yazılan əsərlərin əksəriyyətində də belədir. Halbuki bu, hər ailəyə şamil olunmur. O qayınana obrazlarını tamaşanı ərsəyə gətirənlərin təxəyyülünün məhsulu kimi qəbul etmək olar.

Bu gün cəmiyyətimiz gündən-günə arınır, saflaşır. Biz də cəmiyyətin bütövləşməsi, sağlamlaşması üçün çalışırıq. Sağlam cəmiyyətdə ailələrin də təməli möhkəm, ailə münasibətləri sağlam olar.

Arzu edərdik ki, filmlərimiz, mətbuatımız əgər maarifçilik rolunu oynayırsa, cəmiyyətə müsbət nümunələr, müsbət fikirlər ötürsünlər. Çalışmaq lazımdır, qaynana-gəlin münasibətlərində problemlər olan ailələri maarifləndirib, problem həll edə bilək".

J. Əliyeva onu da vurğulayıb ki, yaradıcılıq geniş anlayışdır, heç bir yaradıcı insana “əsəri elə yox, belə yaz” şəklində diktə etmək olmaz:

“İstənilən halda biz cəmiyyətə müsbət meylləri aşılamalıyıq ki, cəmiyyət də bundan fayda görsün. Baxın, həyatda o qədər müsbət qaynanalar  var. Hər kəsə nümunə olacaq gəlin-qaynana münasibətləri var. Məsələn, elə Nəsibə xanımın öz gəlinini də  anası qədər sevirdi. Belə nümunələrdən bəhrələnib, yeni qaynana obrazları yaratmaq mümkündür”.

 

Kinorejissor Əbdül Mahmudov (Şeyx Əbdül) isə “Qaynana” tamaşasının hələ 1950-ci illərdən əleyhinə olduğunu söyləyib. O qeyd edib ki, həmin fikirlərini “Qaynana” əsərinin müəllifi Məcid Şamxalova və aktrisa Nəsibə Zeynalovaya çatdırıb:

“1950-ci illərdə də o qaynananı heç vaxt qəbul etməmişəm, indi də razılaşmıram. Məncə, ölkəmizdə qadın problemi yoxdur. Onunla məşğul olan qondarma komitələrdir. Beş-üç nəfər öz günahı ucbatından,  dayısı oğluna, əmisi oğluna ərə gedib, boşanan qadınlardırlar. Bir qohumun, bir nəslin, bir kəndin camaatıdır. Çoxları xalaqızı-xalaoğlu, əmiqızı-əmioğlu evlənirlər, nikahsız yaşayırlar, sonra da kişi qadını kənddə qoyub, çıxıb gedir.

Az olan belə nümunələr ümumilikdə Azərbaycandakı qadına münasibət göstəricisi deyil. Azərbaycan xalqı yeganə xalq, yeganə millətdir ki, şərəfli qadınların şanına ən xoş nağıllar, dastanlar yazıblar. Həmişə qəhrəman Azərbaycan kişisinin arxasında ləyaqətli qadın obrazı olub. Biz niyə bu böyük şəxsiyyətlərimizi, mənəviyyatımızı yaddan çıxarıb, yadlaşdırırıq? “Saray xatun”a “Sara xatun” deyirlər.  Mən Azərbaycanda nə öz anamı, nə qaynanamı, nə qudamı, nə də dostlarımı “moşennik” qaynana kimi təsəvvür etmirəm. O vaxt tamaşa səhnəyə qoyulanda Nəsibə xanıma dedim bu necə əsərdir, bu nə tamaşadı?! 

Sənətkarımız hətta məndən incidi. Halbuki Azərbaycan analarını bu cür çəkib göstərmək olmaz. Azərbaycanda qadının hüququ heç vaxt pozulmayıb. Həmişə Azərbaycan qadını dünyaya əxlaq nümunəsi göstərib”.