Roza Cəlilovanın 90 illiyi qeyd edilib - Fotolar

Roza Cəlilovanın 90 illiyi qeyd edilib -  Fotolar
3562 dəfə oxunub
  • A-
  • A
  • A+
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə Xalq artisti Roza Cəlilovanın 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirilib.

Axşam.az AzərTac-a istinadən xəbər verir ki, tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev Roza Cəlilovanın yaradıcılığından danışıb, sənət fəaliyyətinə nəzər salıb.

Bildirilib ki, Roza Cəlilova milli xoreoqrafiya sənəti tarixində peşəkar təhsil alan ilk azərbaycanlı rəqqasələrdən biridir. Nazir deyib ki, hər bir çıxışı tamaşaçı alqışları ilə qarşılanan sənətçi beynəlxalq festivalların laureatıdır. Rəqs sənətinin vurğunu olan görkəmli sənətkar dünyanın müxtəlif ölkələrində yüksək ifaçılıq məharəti ilə milli rəqs sənətimizi tamaşaçılara sevdirə bilib və mədəniyyətimizin təbliğində özünəməxsus xidmətlər göstərib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın adından yubilyarı təbrik edən Mədəniyyət naziri xüsusi olaraq qeyd edib ki, o, bu günlərdə ölkə başçısının müvafiq Sərəncamı ilə Azərbaycan rəqs sənətinin inkişafı və təbliğindəki xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib.

Bütün iştirakçıları salamlayan Roza Cəlilova əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Prezidentinə və birinci xanıma öz minnətdarlığını bildirib. Vurğulayıb ki, nə qədər ömrü var hər zaman Azərbaycan rəqslərinin təbliğinə çalışacaq.

Gecədə sənətkarın quruluş verdiyi rəqslərlə yanaşı, Azərbaycan Dövlət Rəqs Ansamblı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet artistləri, Bakı Xoreoqrafiya Akademiyası və İranın “Səhər” rəqs kollektivi, habelə “Asiman”, “Dəcəl qızlar”, “Azəri inciləri” gənc rəqs qrupları çıxış ediblər.