Nazir qaliblərə mükafatları təqdim etdi - Fotolar

Nazir qaliblərə mükafatları təqdim etdi - Fotolar
3701 dəfə oxunub
  • A-
  • A
  • A+

Mayın 17-də Beynəlxalq Muğam Mərkəzində “Qızıl Kəlmə” ədəbi mükafatının 2018-2019-cu illər üzrə qaliblərinin təltifolunma mərasimi keçirilib.

Axşam.az xəbər verir ki, əvvəlcə tədbirin aparıcısı Əməkdar artist Elşən Cəbrayılov mükafat haqqında məlumat verib. Bildirib ki, Mədəniyyət Nazirliyi tərəfindən 2009-ci ildə təsis olunan mükafat çağdaş milli ədəbiyyatın ən parlaq örnəklərini dəyərləndirmək, yaradıcı insanların əməyini stimullaşdırmaq, qələm sahiblərini yeni və geniş oxucu dairələri tərəfindən maraqla qarşılanan əsərlərin yaradılmasına təşviq etmək məqsədilə keçirilir. Builki mükafat üçün əsərlərin qəbuluna 2018-ci ilin avqust ayında başlanılıb və bu il martın 29-da qəbul yekunlaşıb. Bu müddət ərzində müsabiqəyə 5 nominasiya üzrə 58 əsər təqdim edilib.

Akademik Nizami Cəfərov, Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, professorlar Nizaməddin Şəmsizadə, Telman Cəfərov, filologiya elmləri doktoru, tənqidçi Vaqif Yusifli, “Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan və filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimovadan ibarət mükafat komissiyası tərəfindən bütün əsərlər oxunub və hər nominasiya üzrə qiymətləndirilib.

Komissiyanın yekun iclasında nəticələr səsə qoyulub və beş nominasiya üzrə seçilən əsas mükafatla yanaşı, daha iki əsərə “Şans” mükafatının verilməsi məqsədəuyğun hesab edilib.

Mərasimdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev artıq 6-cı ildir təqdim edilən mükafatın ictimaiyyət tərəfindən böyük maraqla qarşılandığını deyib:

“Bu mükafat ədəbiyyatımıza, kiçik də olsa, öz töhfəsini verir. Cəmiyyətdə ədəbi proseslərin stimullaşdırılması dövlətimiz tərəfindən həmişə diqqətdə saxlanılır.

Bu siyasət ulu öndər Heydər Əliyevin hakimiyyət illərindən başlayaraq müxtəlif yaradıcı ittifaqların təşkili və bu təşkilatlara yardımlar, onların fəaliyyətinin genişləndirilməsi istiqamətində davam edib. Cənab Prezident İlham Əliyev tərəfindən bütün yaradıcı ittifaqlara verilən dəstək, maliyyə yardımı və digər qərarlar prosesin daha da geniş şəkildə aparılmasına böyük təkan verir. Ümumiyyətlə, Azərbaycanda ədəbiyyat və incəsənət həmişə dövlətimizin diqqət mərkəzində olub.

Heydər Əliyev Fondu və müxtəlif dövlət qurumları tərəfindən keçirilən müsabiqələr, festivallar, kitab bayramları, təqdimatlar, sərgilər mədəni həyatın ayrılmaz hissəsinə çevrilib. Buna görə də fürsətdən istifadə edib bütün yaradıcı insanların adından ölkə rəhbərliyinə təşəkkürümü bildirirəm. Son iki ayda mədəniyyət sahəsində verilən sərəncamlar sənət adamlarının ruh yüksəkliyinə səbəb olur, yaradıcı ittifaqlar üçün yeni imkanlar açır”.

Daha sonra qaliblərə mükafatlar təqdim edilib. “Nəsr” nominasiyası üzrə Şərif Ağayarın “Arzulardan sonrakı şəhər” , Mübariz Örənin “Balıq gülüşü” əsərləri, “Poeziya” nominasiyasında Salam Sarvanın “Heykəl tənhalığı”, Vaqif Bəhmənlinin “Qansız savaş” və İbrahim İlyaslının “Şair olmaq zülümdü” şeir kitabları mükafata layiq görülüb.

“Ədəbi tənqid və publisistika” nominasiyası üzrə Yaqub Babayevin “Azərbaycan ədəbiyyatı tarixi (XIII-XVIII əsrlər)”, Abid Tahirlinin “Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabları, “Orijinaldan bədii tərcümə” nominasiyasında Vilayət Hacıyev Haynrix Böllün “Kişisiz ev” romanına, Seyfəddin Hüseynlinin Culian Barnsın “Aqibət duyğusu” romanına görə mükafatlandırılıb.

Reyhan Yusifqızının “Dostum Mimi”, Solmaz Amanovanın “İlmənin macəraları”, Rafiq Yusifoğlunun “Nağıl qapısı” kitabları “Uşaqlar üçün yazılmış bədii əsərlər” nominasiyasında mükafat alıb.

Müsabiqənin “Şans” ödülü isə Şahanə Müşfiq (“Şahanənin nağılı”) və Sadıq Qarayevə (“Sahibsiz kölgələr”) təqdim olunub. Bütün qaliblərə diplom və pul mükafatı verilib.