Dünya mediası bu günlərdə “saxta milyonçu” ləqəbi ilə məşhurlaşan rusiyalı Anna Sorokindən danışır.

Axşam.az xəbər verir ki, buna səbəb onun film hekayələrindən fərqlənməyən fırıldaqçılığı və həyat tərzidir.

Belə ki, Moskvanın yoxsul səmtlərindən birində kamaz sürücüsünün qızı olaraq 1991-ci ildə doğulan Anna Sorokin 2012-ci ildə bir moda firmasında praktika keçmək üçün Nyu-Yorka gedib. O, 2013-cü ildə özünə yeni şəxsiyyət vəsiqəsi alıb və özünü 67 milyon dollarlıq sərvətin sahibi, neft milyonçusunun qızı Anna Delvi kimi tanıtmağa başlayıb.

Qlamur partilərdə görünüb, etibar qazanan Anna 2016-cı ildə Nyu-Yorkun gecəsi 400 dollar olan ən lüks otellərindən birinə yerləşib. Bu tarixdən etibarən, 10 ay ərzində milyoner kimi yaşayıb. Qaldığı oteldə ofisiantlara 100 dollar verərək, varlı şəxslərə onun haqda danışılmasını istəyib. Dost çevrəsini genişləndirən Anna İnstaqramda da özünə səhifə yaradaraq, lüks yaşam tərzi ilə diqqət çəkib.

Bir müddət dostları ilə özəl yaxtada tətilə çıxıb. 35 min 400 dollarlıq yaxta məsrəfini isə ödəməyib. Eyni il Mərakeşdə gecəsi 7 min dollarlıq oteldə tətilə gedib. Lakin geri dönəndə qaytaracağını söz verərək, otelin 62 min dollarlıq xərclərini dostuna ödətdirib.

Onun etdikləri bununla da bitməyib. Sənət vəqfi quracağını deyərək, 22 milyon dollar kredit almaq istəyən Anna bu istəyinə də nail olub. O, daha sonra aldığı pulu geri qaytarmayıb.

Onu ələ verən isə yaxın dostu olub. Beləliklə, Anna 2017-ci ildə həbs edilib. ABŞ mediası bildirib ki, Sorokin 275 min dollarlıq fırıldaqçılıqda günahlandırılır.

Hekayəsi ilə dünya mediasının marağına səbəb olan Anna bir vəkillə müqavilə imzalayaraq, özünü müdafiə edərkən “Həyatımın filmində mənim obrazımı kimin oynayacağı düşünürəm” deyə, cümlələr işlədib.

Daha sonra məlum olub ki, Annanın vəkili onun həyatının ekranlaşdırılması üçün “Netflix” serial və film platforması isə anlaşıb.

Ötən günlərdə Annanın 15 il müddətinə həbs olunmasının tələb olunduğu məhkəmə iclası keçirilib. Vəkili “Anna gənclik xətası edib. Nyu-Yorkun imkanlarından hər kəs faydalanmaq istəyir. Frenk Sinatra da istəmişdi. Hamımızın içində bir az Anna var. Ancaq hər şey əldə edənədək imiş” deyə, söyləyib.

Lakin məhkəmə qərarına əsasən, Sorokin 4 il həbs cəzası alıb. Həbsdə olduğu müddət hesablanarsa, o, bir neçə il sonra azadlığa çıxacaq. Çıxandan sonra isə vətəndaşı olduğu Almaniyaya göndəriləcək.

Bütün bu proseslər zamanı digər maraqlı məqam isə Annanın vəkili tərəfindən gətirilən geyimləri bəyənməməsi olub. O, buna görə bir dəfə məhkəməyə çıxmayıb. Hakim Diana Kisel iclas zamanı “Məhkəmə ilə podiumu qarışdırırsınız” deyə, Sorokinə deyib. Vəkili isə Annaya stilist tutmaq məcburiyyətində qalıb. Məhz, bundan sonra Anna bütün iclaslara dünyaca məşhur dizaynerlərin əl işi olan libaslarla ilə qatılıb.



loading...


                 

Digər