“Bölgələrdən bölgələrə” Kürdəmirdə

“Bölgələrdən bölgələrə” Kürdəmirdə
3491 dəfə oxunub
  • A-
  • A
  • A+

Mədəniyyət Nazirliyinin təşəbbüsü, nazirliyin regional idarələrinin iştirakı ilə keçirilən “Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının növbəti ünvanı Kürdəmir rayonu olub.

Axşam.az xəbər verir ki. festivalda Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi, yerli sakinlər iştirak edib.

İcra başçısı Ceyhun Cəfərov və Kürdəmir Regional Mədəniyyət İdarəsinin rəisi Elman Məmmədov şəhər və rayonları təmsil edən nümayəndə heyətlərini salamlayaraq festivalın bu bölgədə keçirilməsindən məmnunluqlarını bildiriblər.

Sonra tədbir iştirakçıları regional mədəniyyət idarələrinin sərgi guşələrinə baxıblar. Şəhər və rayonların sənətkarları və yaradıcı insanları dekorativ tətbiqi sənət nümunələrini, müxtəlif mövzularda çəkilmiş rəsm əsərlərini, bəzək əşyalarını, digər əl işlərini nümayiş etdiriblər.

Festivalın ikinci hissəsində regional idarələr üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.

Sonda rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərov tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığın bildirib.

Festival proqramı İmişli rayon Uşaq musiqi məktəbinin müəllimi Elnur Məcidovun ifasında “Azərbaycan” mahnısının sədaları altında atəşfəşanlıqla başa çatıb.