“Bölgələrdən Bölgələrə” Tərtərdə - Fotolar

“Bölgələrdən Bölgələrə” Tərtərdə - Fotolar
11449 dəfə oxunub
  • A-
  • A
  • A+

Aprelin 18-də “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı çərçivəsində növbəti tədbir cəbhə xəttində yerləşən Tərtər şəhərində reallaşıb.

Axşam.az xəbər verir ki, şəhərdə yerləşən Heydər Əliyev Parkında təşkil olunan tədbirdə Tərtər sakinləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, habelə regional mədəniyyət idarələrinin rəisləri və mədəniyyət işçiləri iştirak ediblər.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalında sərgi çadırları qurulub. İsmayıllı ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, kəlağayılar, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağacdan hazırladıqları muncuq və digər bəzək əşyaları, Masallı regional idarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər nümunələr maraqla qarşılanıb.

Festivalda 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə əlaqədar olaraq kitab guşəsi də təşkil olunub. Kitab guşəsində ədibin əsərlərindən əlavə olaraq Prezident İlham Əliyevin sərəncamları ilə cari il ərzində yubileylərinin keçirilməsi nəzərdə tutulan şair və yazıçıların da kitabları sərgilənib.

“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb. Mədəniyyət Nazirliyinin iş planına əsasən, respublikamızda ikinci dəfədir keçirilən, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı atəşfəşanlıqla yekunlaşıb.