Jaklin Kennedi geyimlərinə nə qədər xərcləyirdi? - fotolar

Jaklin Kennedi geyimlərinə nə qədər xərcləyirdi? -  fotolar
2208 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünyanın diqqətini cəlb etmək Amerikanın heç də bütün birinci xanımlarına qismət olmayıb. Jaklin Kennedinin bu cəhətdən bəxti gətirib. Cəmi 2 il Birləşmiş Ştatların birinci xanımı olmasına baxmayaraq, o, öz üslubu, davranışı və gözəlliyi ilə bütün amerikalıları valeh edib.

Xanım Kennedinin alış-verişə xərclədiyi pulların cəmi kiçik bir dövlətin büdcəsini təşkil edə bilərdi. Həyat yoldaşı Con Kennedinin prezidentliyinin ilk ilində Jaklin geyim, bəzək əşyaları və aksessuarlara 100 min dollar xərclənib. İkinci əri Aristotel Onasislə evliliyinin birinci ilində isə ona bu həvəsi 20 milyon dollara başa gəlib.

Xanım Kennedinin geyim brendlərinə olan vurğunluğu çoxlarında qıcıq yaradırdı. Con Kennedinin siyasi rəqibinin həyat yoldaşı Pet Niksonun "mən ancaq Amerika istehsalı olan geyimlər geyirəm" açıqlamasından sonra xanım Kennediyə fransız brendlərindən geymək qadağan olunur. Ancaq o, tezliklə buna da çarə tapır. Fransadan poçtla istədiyi geyimi sifariş verir, sonra onların yarlıklarını qoparıb, əvəzinə amerikan markalarının yarlıklarını tikdirirdi. Hətta onun sevimli ərinin vəfatı günü geydiyi "Chanel" kostyumuna Amerikanın "Chez Ninon" geyim markasının yarlıkı tikilib.

Xanım Kennedi qüsurlarını hamıdan yaxşı bilir və onları müxtəlif üsullarla gizlətməyi bacarırdı. Səliqəsiz dırnaqlarını uzun ağ əlcəklər, aralı gözlərini iri günəş eynəkləri, kvadrat formalı üzünü isə qısa saç düzümü və yaylıqlarla gizlədirdi. Sonuncu "qüsuru"nu gizlətməkdə Jaklinin dadına "Hermes"in dəyəri milyonlarla ölçülən şərfləri kömək edirdi.

Jaklin Kennedi hələ tələbəlik illərində "Vogue" jurnalı üçün yazdığı məqalədə gözlrinin bir-birindən çox aralı olduğundan şikayətlənirdi. Birinci xanım olan dövrdə isə Jaklin xüsusi eynəklər sifariş verirdi. Onların hazırlanması düz 3-4 həftə vaxt aparırmış. Məşhur "Ray Ban" brendi "Ceki O" adlı eynəkləri məhz Jaklin Kennedinin şərəfinə satışa çıxıb.

Xanım Kennedi dəbdə bir çox yeniliklər edib. Həbşəkilli şlyapa Jaklin üslubunun əsas rəmzi hesab edilir. Christian Dior şlyapası başının ölçüsünün böyük olmasından şikayətlənən Jaklinin sevimli geyim aksesuarlarından olub.

Sinəsi balaca olan xanımlar da Jaklinin geyim tərzindən yararlana bilərlər. Xanım Kennedi sinəsinin balacalığını yaxalığı dairəvi və ya V formalı geyimlərlə məharətlə gizlədirdi.

Dörd dəfə ana olmasına baxmayaraq, Jaklin ideal bədən quruluşuna sahib idi. Dediyinə görə, onun formada qalmasına məşhur fransız şampanı "Veuve Clicquot" kömək edirmiş. Gündə 3 qutu siqaret çəkməsinə baxmayaraq, Kennedi bunu paparatsilərdən məharətlə gizlədə bilmişdi və onun indiyədək siqaretlə bir fotosu belə, yoxdur.

Con Kennedinin ölümündən sonra Jaklin depressiyadan çıxmağın yolunu da alış-verişdə gördü. İkinci əri, yunan milyarder Aristotel Onassis onun bədxərcliyinə etiraz etmirdi: "Ceki bu həyatda çox əziyyət çəkib, qoy, nə istəyir alsın". Onassis Jaklinə hər ay 30 min dollar ayırsa da, o, həmişə pul azlığından şikayətlənirdi.

Xanım Kennedi "Balmain", "Gres", "Chanel", "Givenchy" və "Balenciaga" kimi geyim markalarının daimi alıcısı olsa da, bunu heç vaxt reklam etməyib. "Geyindiyim paltarlar səhəri gün bütün qadınların əynində olur, ona görə onları ancaq bir dəfə geyinə bilirəm" deyən Jaklin "köhnəlmiş" paltarlarını satışa çıxarır, əldə etdiyi gəliri isə bank hesabına köçürərmiş.

Jaklinə bahalı hədiyyələr az gəlmirdi. Məsələn, Efiopiya imperatoru Hayle Selassi ona bəbir dərisindən qiyməti 75 000 dollar olan kürk, Şarl de Qoll isə qiyməti 4 min dollar olan brilyantla bəzənmiş saat bağışlamışdı.

Hər paltarına uyğun yeni sırğalar taxan Jaklin boyunbağıda dəyişiklik etmirdi. O, ağ mirvariləri ağ əlcəkləri ilə uyğunlaşdırırdı.

Mənbə: buro247.az