Milli Teatr günüdür

Milli Teatr günüdür
10864 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 10-da Azərbaycanda Milli Teatr Günü qeyd olunur.

Axşam.az xəbər verir ki, böyük maarifçi Həsən bəy Zərdabi və görkəmli yazıçı Nəcəf bəy Vəzirovun təşəbbüsü ilə 1873-cü ildə Bakıda M.F.Axundzadənin “Lənkəran xanının vəziri” komediyasının tamaşaya hazırlanması ilə Azərbaycanda, eləcə də bütün müsəlman Şərqində peşəkar teatrın təməli qoyulub. Teatrın böyük ictimai əhəmiyyətini dərk edən Azərbaycan ziyalıları Naxçıvan, Şəki, Şamaxı, Lənkəran, Quba və Şuşa şəhərləri ilə bərabər, Tiflisdə və İrəvanda da teatr tamaşaları təşkil edirdilər.

1918-ci ildə Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra bir çox sahələrdə olduğu kimi, teatr sənətimizin inkişafında da mühüm işlər həyata keçirilib. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti pərakəndə fəaliyyət göstərən teatr truppalarını birləşdirərək Dövlət Teatrını yaradıb. 1919-cu il oktyabrın 24-də Azərbaycan Xalq Cümhuriyyətinin bütün dövlət və hökumət rəhbərlərinin iştirakı ilə Dövlət Teatrının rəsmi açılışı olub.

Bu gün respublikada artıq 26 dövlət teatrı fəaliyyət göstərir. Dövlətlərarası mədəni əməkdaşlıq haqqında ikitərəfli sazişlərə uyğun olaraq respublika teatrları xarici ölkələrdə keçirilən müxtəlif festivallarda uğurla çıxış edirlər.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev 1 mart 2013-cü il tarixində Azərbaycan Respublikasında Milli Teatr Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb.