Əbülfəs Qarayev yel çərşənbəsini diplomatlarla qeyd etdi - Fotolar

Əbülfəs Qarayev yel çərşənbəsini diplomatlarla qeyd etdi - Fotolar
11016 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Türkiyənin Bakıdakı səfirliyində Azərbaycanda fəaliyyət göstərən türkdilli ölkələrin və Novruz bayramını qeyd edən dövlətlərin səfirliklərinin birgə təşəbbüsü ilə Yel çərşənbəsi və Novruz adətlərinə həsr olunmuş tədbir keçirilib.

Axşam.az xəbər verir ki, Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə iştirakçılar əvvəlcə hər bir ölkənin Novruz adətlərini və Novruz mətbəxini əks etdirən sərgi ilə tanış olublar.

Tədbirdə çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev qonaqları Yel çərşənbəsi münasibətilə təbrik etdi, bu təşəbbüsə qoşulan hər kəsə və tədbirin ərsəyə gəlməsində əməyi olan nazirliyin əməkdaşlarına təşəkkürünü bildirib. Nazir qeyd edib ki, bu gün səfirliklərin təqdim etdikləri gözəl Novruz nemətləri bizim xalqlarımızın zəngin mədəniyyətindən və eyni zamanda bir-birinə yaxınlığından xəbər verir.

“Bir daha hər birinizi Novruz münasibətilə təbrik edir, sülh və əmin-amanlıq arzulayıram. Bəşəriyyətdə müxtəlif ənənələr və cəmiyyətlər yaşayır. Onları birləşdirən amil isə ana təbiətdir. Təbiətin oyanışı hər birinizə yeni gün, yeni arzularla bərabər dünyaya sülh gətirsin”, - deyə nazir çıxışını bitirib.

Tədbir səfirlik nümayəndələrinin Yel çərşənbəsi tonqalı ətrafında rəqsi və incəsənət ustalarının ifasında konsert proqramı ilə davam edib.